Bu yerə qədər marşrutu Google Maps-də göstər baxış sayı: 998598

TƏSVİR

AZƏRBAYCAN MİLLİ XALÇA MUZEYİ

Ünvan: Mikayıl Useynov prospekti 28, Bakı, Azərbaycan

Əlaqə nömrəsi: (+994) 12 497 20 16

Sayt: www.azacarpetmuseum.az

https://www.facebook.com/AzerbaycanMilliXalcaMuzeyi

https://www.instagram.com/carpetmuseumbaku/

Dünyanın ilk ixtisaslaşdırılmış xalça muzeyi 1967-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində yaradılmışdır. Muzeyin yaranmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, “Azərbaycan xalçası” adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur.

2014-cü ildən muzey öz fəaliyyətini yeni, açılan xalça formasındakı möhtəşəm binada davam etdirir. Artıq bu məkan şəhərimizin simvollarından birinə çevrilmişdir. Layihənin müəllifi – məşhur avstriyalı arxitektor Frans Yansdır. Muzeyin yeni binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmışdır. Xalçaların qorunub-saxlanması və sərgilənməsi üçün yeni bir mədəniyyət mərkəzinin yaradılması Heydər Əliyev Fondu, Azərbaycan Respiblikası Mədəniyyət Nazirliyi və YUNESKO-nun birgə layihəsi olmuşdur.

Yarandığı gündən etibarən Azərbaycan Milli Xalça Muzeyi ölkəmizin maddi və qeyri-maddi mədəni irsinin öyrənilməsinə böyük diqqət yetirir. Elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərən bu mədəniyyət ocağı mütəmadi olaraq müxtəlif ölkələrin alim, sənətkar və kolleksiyaçılarını bir araya toplayaraq beynəlxalq simpozium və konfranslara ev sahibliyi edir.

Muzeydə qədim xovsuz toxuculuq texnikaları dirçəldilir. Bununla yanaşı, müxtəlif sənətkarlıq növlərinin, xüsusilə də xalçaçılığın təbliğatı məqsədi ilə təhsil şöbəsi yaradılıb. Burada uşaqlar və böyüklər üçün maarifləndirici proqramlar hazırlanır.

Azərbaycan Milli Xalça Muzeyi inklüziv proqramların tətbiqi işində də ölkəmizdə ilk muzeydir. Görmə qabiliyyəti məhdud insanların rahatlığı üçün ekspozisiyadakı bütün mətnlər Brayl şrifti ilə təqdim olunub.

Bununla yanaşı, “Ənənəvi texnologiya” şöbəsinin əməkdaşları xovlu və xovsuz texnikaların sintezi metodundan istifadə edərək xalça nümunələri hazırlayıblar. Bu nümunələrin vasitəsilə görmə qabiliyyəti zəif insanlar taktil üsulla xalçalarımızda olan ornamentləri, xovsuz xalçaların texnika fərqlərini hiss edə bilərlər.

2020-ci ildən etibarən muzey eşitmə qabiliyyəti zəif insanlar üçün surdo-tərcümə ilə virtual ekspozisiyanı təqdim etdi. Muzeyin qonaqlarına həmçinin surdo-tərcüməçi ilə ekskursiya xidməti təklif olunur.




VİRTUAL TUR