“Samsung” “Galaxy Note 7” smartfonunu yenidən satışa çıxarır28.03.2017351 izləmə

“Samsung” “Galaxy Note 7” smartfonunu yenidən satışa çıxarır

“Samsung” şirkəti rəsmən elan edib ki, “Galaxy Note 7” smartfonunun təmir olunmuş versiyasının satışına başlamağı planlaşdırır. Xatırladaq ki, bundan əvvəl sözügedən smartfonda batareyaların partlamasına görə onun istehsalı dayandırılmışdı. Bu haqda “Reuters” agentliyi məlumat yayıb.

www.azerbaijan360.az portalı “ictnews” saytına istinadən yazır ki, Cənubi Koreya şirkəti tənzimləyici orqanlar və nəqliyyat agentlikləri ilə danışıqlardan sonra təmir olunmuş “Galaxy Note 7” smartfonlarının satış bazarını müəyyənləşdirəcək.

Şirkət çip və modulyar kameralar kimi dəyişdirilə bilən elementləri satmağı, həmçinin köhnə “Galaxy Note 7”-dən çıxarılmış xammaldan təkrar istifadəni planlaşdırır. Bundan əvvəl “ZDNet” portalı Cənubi Koreyanın “Hankyung” nəşrinə istinadən yazmışdı ki, “Samsung” şirkəti təmir olunmuş smartfonunu yalnız inkişaf etməkdə olan ölkələrin (məsələn, Hindistan və Vyetnam) bazarında satmağı planlaşdırır.

Məlumat üçün bildirək ki, “Galaxy Note 7” smartfonunun satışına 2016-cı ilin avqustunda start verilib, amma tezliklə batareyaların partlaması səbəbindən satış dayandırılıb. Nəticədə “Samsung” şirkəti sözügedən qurğunun istehsalını tamamilə dayandırmaq məcburiyyətində qalıb.

Top